Lənkəranda 8-10 yaşlı qızlar üçün növbəti futbol festivalı təşkil olunub.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir qurumun təşkilatçılığı və FIFA-nın dəstəyi ilə "FIFA Women's Development Programme" layihəsi çərçivəsində baş tutub. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən festivalda 63 azyaşlı qız iştirak edərək futbolun sirləri ilə yaxından tanış olublar.
Proqram müddətində uşaqlar üçün futbol məşqləri, maraqlı estafet yarışları və müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib. Tədbirdə AFFA rəsmiləri ilə yanaşı, qadınlardan ibarət milli komandanın məşqçi və oyunçu heyəti də yer alıb. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri kimi iştirakçılara dəstək olub.
AFFA tərəfindən idman geyimləri və toplarla təmin olunan qızlar həm əylənib, həm də peşəkar məşqçilərin nəzarəti altında topla davranma qaydalarını öyrəniblər. Bu cür layihələrin əsas məqsədi qızlar arasında futbolu kütləviləşdirmək, sağlam həyat tərzini aşılamaq və gələcəyin milli komanda üzvlərini indidən üzə çıxarmaqdır. Assosiasiya bu tip festivalları ölkənin digər bölgələrində də davam etdirməyi planlaşdırır.


