Aprel ayında İspaniyanın Huelva şəhərində təşkil olunacaq badminton üzrə Avropa çempionatında Rusiya və Belarus idmançıları iştirak edə bilməyəcəklər.

Offsideplus.az TASS agentliyinə istinadən xəbər verir ki, Avropa Badminton Konfederasiyası (BEC) hər iki ölkə təmsilçilərinin yarışa qatılmasına icazə verməyib. Qurum bu qərarı təhlükəsizlik amilləri və yarış zamanı yarana biləcək risklərin qarşısını almaq istəyi ilə əsaslandırıb.

Maraqlıdır ki, bu məhdudiyyət artıq "neytral idmançı" statusu almış dörd rusiyalı badmintonçuya – Rodion Alimov, Maksim Oqloblin, Anastasiya Boyarun və Darya Xarlampoviçə də şamil olunacaq. Beləliklə, aprelin 6-dan 12-nə qədər keçiriləcək qitə birinciliyi bu idmançılar üçün qapalı qalıb.