“Gərgin oyun olacaq”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında veteran futbolçu Şahin Diniyev deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” - “Qalatasaray” matçı ilə bağlı fikirlərini bölüşüb: “İlk qarşılaşma “Qalatasaray”ın minimal hesablı qələbəsi ilə yekunlaşsa da, İngiltərədə onları böyük təzyiq altında oyun gözləyir. Bundan əvvəl də bir neçə dəfə “Qalatasaray” səfər matçlarında yaxşı təsir bağışlamayıb. Ev oyunlarında isə azarkeşlərin dəstəyi ilə parlaq çıxış edə bilir.
Düşünürəm ki, “Qalatasaray”ın işi çətin olacaq. “Enfild” stadionunda oynamaq asan deyil. Yadınızdadırsa, “Qarabağ”la da oxşar vəziyyət yaşanmışdı. Fikrimcə, növbəti mərhələyə “Liverpul” yüksələcək. Həm komandaların durumu, həm də ötən matçın nəticəsinə əsasən deyə bilərik ki, “Qalatasaray”ın şansları olsa da, azdır. Bir sözlə, şanslar 70/30 “Liverpul”un xeyrinədir”.
Qeyd edək ki, “Liverpul” – “Qalatasaray” görüşü Bakı vaxtı ilə gecə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


