Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində təşkil olunan "IV Women's Chess Championship" beynəlxalq turnirində qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz güclü rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

8 ölkədən 10 seçmə şahmatçının, o cümlədən Nana Dzaqnidze (Gürcüstan) və Harika Dronavalli (Hindistan) kimi tanınmış qrossmeysterlərin qatıldığı yarışda idmançımız 9 turdan 6,5 xal toplayaraq turnirin qalibi adını qazanıb. Onu müvafiq olaraq gürcüstanlı və hindistanlı rəqibləri izləyib.

Qeyd edək ki, bu, Ü. Fətəliyevanın 2026-cı ildəki ikinci böyük uğurudur. O, ötən ay ölkə çempionatının da qalibi olmuşdu.