Londonun "Çelsi" klubu baş məşqçi postuna yeni namizədini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, hazırda Portuqaliyanın "Portu" klubunu çalışdıran italiyalı mütəxəssis Françesko Farioli "zadəganlar"ın rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.

​Liam Rozeniorun gedişindən sonra boş qalan post üçün bir neçə variantı müzakirə edən klub rəhbərliyi, Fariolinin namizədliyi üzərində xüsusi dayanıb.

​37 yaşlı Françesko Farioli müasir futbolun ən mütərəqqi gənc məşqçilərindən biri hesab olunur. Onun "Portu"dakı fəaliyyəti Avropa nəhənglərinin diqqətindən yayınmayıb. 

​İtaliyalı mütəxəssis Portuqaliya klubunda 74%-lik qələbə göstəricisi ilə diqqət çəkir.

​O, hücumameyilli və yüksək pressinqə əsaslanan oyun tərzi ilə tanınır.

"Çelsi" rəhbərliyi artıq daxili iclaslarda Fariolinin komandaya gətirilməsi variantını geniş şəkildə müzakirə edib.

​"Çelsi" rəhbərliyinin siyahısında yalnız Farioli deyil, bir neçə digər mütəxəssis də yer alır. Lakin italiyalının son vaxtlar göstərdiyi nəticələr onu siyahının ön sıralarına çıxarıb.

​Xatırladaq ki, Françesko Fariolinin "Portu" ilə müqaviləsi 2028-ci ilin yayına qədər davam edir və onun sözləşməsində 20 milyon avroluq sərbəstqalma məbləği olduğu bildirilir.