UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna elənərək mübarizəni dayandıran "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov cavab matçından sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis saysız-hesabsız qol epizodlarından istifadə edə bilmədiklərini və nəticənin onlar üçün böyük məyusluq olduğunu bildirib:

"Təbii ki, bizim üçün oyun haqqında uzun-uzadı danışmaq çox çətindir. Məyusedici nəticə oldu və mərhələni keçə bilmədik. Hər şey göz qabağında idi: erkən qol və çoxsaylı epizodlar... Hətta o qədər imkan yaratdıq ki, bəlkə də 3-4 oyuna yetəcək qədər qol vəziyyətimiz oldu. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Dirəklər, qapıçı və müdafiəçilər mane oldu, sanki top qapıdan keçmək istəmirdi. Belə hallarda çox vaxt cəzalanırsan və bu gün də elə oldu. Oyunun gedişatı artıq göstərirdi ki, qol vura bilməyəcəyik və rəqib mərhələni keçən tərəf olacaq.

Rəqibi təbrik edirəm və növbəti oyunlarda onlara uğurlar arzulayıram. Biz isə çox məyusuq. Hər iki oyuna görə mərhələni keçməyə layiq olan tərəf biz idik. Lakin təəssüflər olsun ki, yaradılan şansları və üstünlüyümüzü nəticəyə çevirə bilmədik".

Qeyd edək ki, "Zirə" ilk matçda səfərdə "Payde"yə 0:1 hesabı ilə uduzmuş, Sumqayıtda keçirilən cavab görüşündə isə 1:1 hesablı heç-heçə edərək avrokuboklarla vidalaşmışdır.