“Qazanılan nəticə məhz həmin zəhmətin bəhrəsidir”.
Bunu Offsideplus.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu Ülvi Qənizadə deyib.
72 kq çəki dərəcəsində mübarizə aparan idmançı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında çıxışını dəyərləndirib:
“Yarışa hazırlıq yüksək səviyyədə keçmişdi. Həm xaricdə, həm də ölkədə təlim-məşq toplanışlarında olmuşduq. Əsas odur ki, çəkilən əziyyət yerdə qalmadı. Həm məşqçilər, həm də izləyicilər tərəfindən mənə böyük inam vardı. Şükürlər olsun ki, göstərilən etimadə doğrulda bildim.
Ümumilikdə yarış yaxşı keçdi. Ən çətin görüş isə finalda fransalı rəqib İbrahim Qanemlə oldu. Artıq onunla üçüncü dəfə idi ki, qarşılaşırdım. Hər üç qarşılaşmada mən qalıb gəlmişəm. Qələbəni kimə həsr etdiyimi isə açıqlamaq istəmirəm”.
Qənizadə növbəti hədəflərindən də danışıb:
“Növbəti hədəf yeddi ay sonra baş tutacaq Avropa çempionatında uğurlu nəticə qazanmaqdır. Üçqat dünya çempionu olmaq istəyirəm. Ümid edirəm ki, bu məqsədimə çata biləcəyəm. Hazırda çəki dəyişməklə bağlı nəsə düşünmürəm. İndi sadəcə çoxlu istirahət etmək istəyirəm”.
Qeyd edək ki, yığma dünya çempionatında 89 xalla ikinci yeri tutub. Güləşçilərimiz mundialda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələniblər. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıblar.



