Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Afrika Millətlər Kubokunun finalı ətrafında yaranan vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşin apellyasiyasını təmin edərək final matçında meydanı tərk etdiyinə görə Seneqal yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib. Seneqal tərəfi bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib və yekun hökmün bu gün açıqlanacağı gözlənilir.

Məsələ ilə bağlı danışan Hakimi komandasının çıxışı ilə fəxr etdiyini vurğulayıb:

"Bu, asan qərar deyil. Meydanda baş verənləri hamımız gördük və hər kəsin öz fikri var. Məncə, futbolda meydanı elə-belə tərk etmək olmaz. Şəxsən mən öz işimi yerinə yetirdim. Komandamız və mən Mərakeşi ən yaxşı şəkildə təmsil etdiyimiz üçün qürur duyuruq — əsas məqsədimiz də məhz bu idi. Azarkeşlərimizin qarşısında göstərdiyimiz oyuna görə fəxr etməliyik. İndi hamımız birlikdə yekun qərarı gözləyirik. Nəticə necə olursa-olsun, növbəti Afrika Kubokuna hazırlaşmalıyıq — ən vacib məsələ budur".