"Yaşıl Top" sosial layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunub.

Offsideplus.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Gülnarə Cəfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova, "Təmiz Şəhər" ASC-nin mətbuat katibi Orxan Cabbarov, AFFA-nın nümayəndələri, eləcə də layihənin səfiri, Azərbaycan milli komandasının sabiq futbolçusu Qara Qarayev iştirak ediblər.

Uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək və futbol vasitəsilə sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyan görüşdə şagirdlərlə ətraf mühitin qorunması və dayanıqlı inkişaf mövzularında interaktiv müzakirələr aparılıb.

Tədbirin sonunda Qara Qarayev məktəbə imzalı futbol topu hədiyyə edib, şagirdlərə isə onun imzalı fotoları paylanılıb. Ardınca iştirakçılar məktəbin həyətində keçirilən ağacəkmə aksiyasına qoşulublar.