"Çikaqo Bullz"un gənc forvardı Matas Buzelis yeni baş məşqçi Tyaqo Splitterin rəhbərliyi altında oyunların dördüncü periodunda tez-tez ehtiyat oyunçular skamyasında qalmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 2026/27 mövsümündə komandasının keçirdiyi bütün 17 görüşdə start heyətində yer almasına baxmayaraq, 2024-cü il NBA draftının 11-ci seçimi olan basketbolçu matçların son dəqiqələrini əsasən kənardan izləyir. Bu hal "Klivlend Kavalers" üzərində qazanılan qələbə zamanı da təkrarlanıb.
Litva əsilli amerikalı oyunçu braziliyalı mütəxəssisin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb: "O, baş məşqçidir və oyunu daha yaxşı hiss edir. Hansı qərarı düzgün sayırsa, mən də onun tərəfindəyəm. Əsas olan komandanın qələbə qazanmasıdır. Rəqabətçi biri kimi, əlbəttə ki, xüsusilə gərgin anlarda meydanda olmaq istəyirəm, çünki belə məqamlarda özümü daha yaxşı göstərirəm".
Buzelis oyunların sonunda meydanda qala bilmək üçün üzərində işləməli olduğu cəhətləri də qeyd edib: "Video analizlər göstərir ki, müdafiədə daha yaxşı olmalıyam, bəzən mövqe seçimində səhvlərə yol verirəm. Bundan başqa, ribaundlar üzərində də ciddi çalışmalıyam".
Qeyd edək ki, NBA-da üçüncü mövsümünü keçirən Matas Buzelis orta hesabla 15,1 xal, 4,8 ribaund və 1,9 məhsuldar ötürmə ilə yadda qalır. Cari mövsümdə 5-ci qələbəsini qazanan "Çikaqo Bullz" növbəti matçını NBA Kubokunun qrup mərhələsi çərçivəsində "Şarlott Hornets"ə qarşı keçirəcək.


