"Barselona" İspaniya La Liqasının XIII turunda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub etdikləri oyunda yarımmüdafiəçi Fermin Lopesin aldığı qırmızı vərəqədən apellyasiya şikayəti vermək niyyətindədir.
Offsideplus.az "Cadena SER"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun iki oyunluq cəza alacağından və "Deportivo" ilə Madrid "Atletiko"suna qarşı matçları buraxacağından ehtiyat edir.
Qeyd edək ki, qarşılaşmanın 61-ci dəqiqəsində fərqlənən Lopes əvəzləndikdən sonra — 75-ci dəqiqədə ehtiyat oyunçular skamyasında olarkən baş hakim Alexandro Ernandes Ernandesin qərarına etiraz etdiyi üçün meydandan qovulub. "Barselona" rəhbərliyi oyunçunun hərəkətinin cəzaya layiq olmadığını və qərarın ədalətsiz verildiyini hesab edir.
Kataloniyalıların narahatlığı ötən mövsüm yaşanan presedentlə bağlıdır. Belə ki, həmin vaxt "Real"ın yarımmüdafiəçisi Cud Bellingem "Osasuna" ilə görüşdə aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya edilmişdi.


