"Real Madrid" rəhbərliyi İspaniya çempionatının 12-ci turunun təqvimindən narazılıq bildirib.
Offsideplus.az xəbər verir ki, La Liqa "Real Madrid"in "Valensiya" ilə oyununu 7 noyabr şənbə gününə təyin edib. Halbuki, Madrid təmsilçisi 4 noyabr çərşənbə günü Afina şəhərində "AEK" ilə Çempionlar Liqası matçında qüvvəsini sınayacaq. Beləliklə, "Real Madrid"in "Valensiya" ilə qarşılaşmaya hazırlıq üçün yalnız cümə axşamının ikinci yarısı və cümə günü qalacaq.
Klub daxilində bu qərarın həm futbolçular, həm də məşqçi heyəti arasında böyük narazılıq və təəccüb doğurduğu bildirilir. "Real Madrid" rəhbərliyi hesab edir ki, qarşıdakı həftə nə avrokubok, nə də kubok oyunu olmadığı üçün matçın bazar günü keçirilməsində heç bir problem yoxdur.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən digər dörd İspaniya klubu öz oyunlarını 8 noyabr bazar günü keçirəcək. "Betis" səfərdə "Elçe" ilə, "Vilyarreal" evdə "Xetafe" ilə, "Atletiko" isə doğma meydanda "Barselona" ilə qarşılaşacaq. Bununla yanaşı, "Barselona", "Atletiko" və "Vilyarreal" avrokubok matçlarını bir gün əvvəl, yəni 3 noyabr çərşənbə axşamı evdə keçirəcəklər: "Barselona" "Aston Villa"nı, "Atletiko" "Bavariya Münhen"i, "Vilyarreal" isə "PSJ"ni qəbul edəcək. "Betis" isə 4 noyabrda Almaniyada "Borussiya Dortmund"un qonağı olacaq.
Bundan əlavə, bu turdan dərhal sonra milli komandaların oyunları üçün fasilə veriləcək. Bu səbəbdən "Real Madrid" rəhbərliyi qarşılaşmanın bazar günü keçirilməməsini anlaya bilmir və futbolçulara əlavə istirahət günü verilməsini zəruri sayır.


