İngiltərə millisinin və "Liverpul"un sabiq hücumçusu Endi Kərroll məşqçi Fabio Kapello ilə bağlı xatirələrini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kərroll öz avtobioqrafiyasında Kapellonun ona qarşı sərt münasibətindən bəhs edib. O bildirib ki, bir dəfə məşqçi otağa daxil olaraq onun əlindən telefonu alıb və kobud şəkildə irad bildirib: "Mən burada işləyirəm, sən isə telefonda vaxt keçirirsən – bu, hörmətsizlikdir. Mənə mesaj yaz!" Kapello telefonu Kərrollun sinəsinə atıb.
Başqa bir hadisədə isə Kapello Kərrolla sərt şəkildə danışıb: "Sən həmişə mətbuatda gündəmdəsən – ya içirsən, ya da yaşlı qadınlarla münasibət qurursan! Bunu dərhal dayandır!" Kərroll isə bu iddiaları təkzib edib və belə bir şeyin olmadığını bildirib.
Kərroll həmçinin qeyd edib ki, gənc yaşlarında yüksək məbləğdə maaş almağa başladıqdan sonra bəzən bar və striptiz klublarında vaxt keçirib. O, Harri Keyni nümunə göstərərək, intizam sayəsində böyük uğurlar əldə etməyin mümkün olduğunu vurğulayıb.
Kərroll avtobioqrafiyasında şəxsi həyatında yaşadığı çətinliklərdən də bəhs edib və bu travmaların həyatına təsir etdiyini qeyd edib.


