Tanınmış teleaparıcı Pirs Morqan Kriştiano Ronaldu və Lionel Messi arasında gedən mübahisəyə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Morqan öz şousunda qonaqlarla birlikdə hər iki futbolçunun karyerasını dəyərləndirib. O qeyd edib ki, Ronaldu mininci qoluna yaxınlaşır və bu, futbolda heç kimin çatmadığı bir göstəricidir. Morqan bildirib: "Ronaldu hesab edir ki, hücumçunun əsas vəzifəsi qol vurmaqdır və bu baxımdan o, tarixdə ən yaxşı bombardirdir. O, Portuqaliya, İngiltərə, İtaliya, İspaniya və hazırda Səudiyyə Ərəbistanında qol vurmağa davam edir. Hansı ölkəyə getsə, fərqlənməyi bacarır. Mən də onunla razıyam ki, o, tarixdə ən məhsuldar hücumçudur".
Verilişin digər iştirakçısı, "Liverpul"un sabiq hücumçusu Endi Kerroll isə təbii istedad baxımından Messinin üstün olduğunu vurğulayıb: "Əgər söhbət fitri bacarıqdan gedirsə, Messi birincidir. Amma Ronaldu bu səviyyəyə çatmaq üçün misilsiz zəhmət sərf edib".
Jurnalist Oliver Holt isə bildirib ki, Ronaldu böyük futbolçudur, lakin o, hətta dünya futbolunda ən yaxşı Ronaldu deyil. O, braziliyalı Ronaldo ilə müqayisə apararaq, onun qısa müddətdə dünya çempionu olduğunu xatırladıb. Morqan isə əlavə edib ki, braziliyalı Ronaldo yalnız bir neçə il yüksək səviyyədə çıxış edib, halbuki Kriştiano Ronaldu və Messi uzun illər zirvədə qalıb.
Müzakirədə həmçinin qeyd olunub ki, bəzi əfsanəvi futbolçular, məsələn, Corc Best heç vaxt dünya çempionatında oynamayıb və bu, onların böyüklüyünə kölgə salmır. Sonda isə iştirakçılar Messinin daha çox komanda oyunçusu olduğunu, Ronaldunun isə fərdi göstəriciləri ilə seçildiyini bildiriblər.


