"Real Madrid" Vinisius Juniora yeni müqavilə təklifi irəli sürüb.

Offsideplus.az xəbər verir ki, Madrid klubunun baş direktoru Xose Anxel Sançes və baş skaut Xuni Kalafat braziliyalı futbolçunun nümayəndələri ilə görüşdə onun komanda və layihə üçün əhəmiyyətini əks etdirən təkmilləşdirilmiş müqavilə təqdim ediblər. Müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı son qərar Vinisius Juniora məxsusdur.

Hazırda Vinisius Juniorun "Real Madrid"lə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Futbolçuya "Arsenal" da maraq göstərir. "Real Madrid" Vinisius Juniora illik 24 milyon avroya qədər maaş və bonuslar təklif edir ki, bu da Kilian Mbappenin gəlirindən azdır. "Arsenal" isə braziliyalının maliyyə tələblərini qarşılamağa hazırdır.

"Real Madrid" və Vinisius Junior arasında danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunsa da, hələ yekun razılıq əldə edilməyib.