​"Paris Sen-Jermen" klubu "RB Leypsiq"in gənc ulduzu Yan Diomande ilə şəxsi şərtləri müzakirə etdikdən sonra Almaniya təmsilçisinə ilk rəsmi transfer təklifini təqdim etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Paris klubunun rəhbərliyi 19 yaşlı Kot-d'İvuar əsilli vingerin nümayəndələri ilə artıq müsbət keçən bir görüş reallaşdırıb.

​Hazırda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatında öz ölkəsinin milli komandası ilə çıxış edən Diomande, transfer bazarının ən çox axtarılan adlarından birinə çevrilib. İngiltərənin "Liverpul" klubu da futbolçu ilə yaxından maraqlanmaqda davam edir. Hətta İngiltərə təmsilçisi gənc istedad üçün "RB Leypsiq"ə 100 milyon avroluq rəsmi təklif göndərsə də, bu təklif dərhal rədd edilib.

​Almaniya klubu heyətində 36 oyunda 13 qol vuraraq parlayan və "Bundesliqada Mövsümün istedadı" seçilən futbolçunu satmaq fikrində deyil. "RB Leypsiq" rəhbərliyi Diomandenin transfer dəyərini 130 milyon avrodan baha qiymətləndirir və ulduz oyunçunu komandada saxlamaq üçün yeni müqavilə üzərində işləyir.