ESPN-in tanınmış insayderi Brayan Uindhorst, "Denver Nagger"in ulduzu Nikola Yokiçin gələcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. Son vaxtlar üçqat NBA MVP-si olan serbiyalı mərkəz oyunçusunun vaxtından əvvəl müqavilə uzatmasına imza atmayaraq, növbəti yay daha sərfəli maliyyə şərtlərini gözləməsi bu söz-söhbətləri artırıb. Klubun bir neçə vacib oyunçunu itirməsi də bu iddiaları gücləndirib.
Offsideplus.az xəbər verir ki, Uindhorst Yokiçin "Denver Nagger"dən ayrılmaq üçün gizli planlar qurmasının onun xarakterinə tamamilə zidd olduğunu deyib: "Ümumiləşdirmək istəmirəm, amma serbiyalı basketbolçular adətən azad agent bazarında qaçış planları qurmurlar. Onlar böyüdükləri, ilk gündən oynadıqları komandaları sevirlər. Mən Yokiçin getmək istədiyini düşünmürəm. Onun yaxın çevrəsi çox məhduddur. Eyni zamanda, o, liqanın ən ağıllı oyunçularından biridir. Onun gizli şəkildə ayrılmaq istəməsi fikri tamamilə onun xarakterinə və şəxsiyyətinə ziddir".


