Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiyadakı "Slovakia Ring" yarış trasında növbəti test yürüşlərini uğurla yekunlaşdırıb.
Offsideplus.az xəbər verir ki, iki günlük sınaqların əsas məqsədi pilotun texniki hazırlığını qiymətləndirmək və sponsorlar üçün rəsmi hesabat hazırlamaq olub.
Bu, gənc idmançının F4 bolidində quru trasda keçirdiyi ilk sınaq idi. 5,935 kilometrlik trekdə 2:04.282 saniyəlik ideal dövrə nəticəsi göstərən Davin təcrübəli pilotların təsnifat göstəricisinə yaxınlaşaraq diqqət çəkib.
Komandanın texniki heyəti azərbaycanlı pilotun bolidə sürətlə uyğunlaşmasını, telemetriya məlumatlarını dəqiq qiymətləndirməsini və təkər idarəetməsindəki yüksək performansını xüsusi vurğulayıb.
Mühəndislər Davin Cəfərovun peşəkar yanaşmasını və təbii sürət hissını yüksək qiymətləndirərək onun Formula 4-dəki gələcəyini ümidverici hesab ediblər.
Gənc pilot yaxın zamanda sponsor dəstəyi qazanaraq karyerasını Formula 1 səviyyəsinədək yüksəltməyi hədəfləyir.


