"Ferrari"nin pilotu Şarl Lekler Azərbaycan Qran-Prisi öncəsi keçirilən mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, o, Bakı trekindəki çıxışları və komanda yoldaşı Lyuis Hemiltonla aralarındakı mübarizə barədə fikirlərini bölüşüb.

Lekler Bakıda poul-pozisiya rekorduna sahib olsa da, hələ qələbə qazanmamasını dəyərləndirib:

"Bakıda sıralama turlarında rekorda sahibəm, amma hələ qələbə qazanmamışam. Bu bir həqiqətdir. Düzünü desəm, bu mövsüm bolidimizin göstəriciləri baxımından ən çox çətinlik çəkdiyimiz məqam elə sıralama turlarıdır. Əgər sıralamada öndə olsaq, yarış üçün ümidli olaram. Lakin bundan əvvəl həftəsonuna düzgün hazırlaşmalıyıq. Builki boliddə güc qurğusunun optimallaşdırılmasından asılı olaraq mərhələdən-mərhələyə böyük fərqlər yaranır. Bakı kimi trekdə bu amil böyük rol oynayacaq. Diqqətimizi məhz buna yönəltməliyik. Bura sürməkdən həzz aldığım trasdır, amma yarışlarda çətinlik çəkmişəm. Ümid edirəm ki, bu il bunu düzəldə biləcəyik".

28 yaşlı pilot komanda yoldaşı Lyuis Hemiltonla trekdəki toqquşmalarına və aralarındakı münasibətə də toxunub:

"Mənim həddi aşdığım və ya Lyuisin həddi aşdığı anlar olub. Amma əsas məsələ oturub danışmaqdır. Biz də elə bunu etdik, çünki bir komandayıq. Aramızda mübarizə qaydaları aydındır və Monzada 2-ci döngədə yaşananların təkrar olunmasını istəmirik. Düşünürəm ki, bu insident bir az həddindən artıq abartıldı və müzakirə olundu. Lakin işin içində "Ferrari" olanda həmişə belə olur. Hər bir halda, mən Formula 1-də ən yaxşılarla mübarizə aparmaq üçün varam, Hemilton da onlardan biridir".