Çin Qran-prisində çətin sərbəst yürüş və sprint təsnifat mərhələlərindən sonra Maks Ferstappen cümə gününü "fəlakət" adlandırıb.

Offsideplus.az xəbər verir ki, Şanxayda keçirilən hər iki sessiyanı səkkizinci pillədə başa vuran niderlandlı pilotun "Red Bull" bolidi, çempionatın lideri Corc Rasselin nəticəsindən az qala iki saniyə geri qalıb.

Ferstappen maşından şikayətlənib:

"Bütün gün sürət baxımından fəlakət idi: yol tutumu yoxdur - səmimi deyirəm, ən böyük problem budur - yol tutumu və balans yoxdur", - deyə qəzəbli dördqat dünya çempionu bildirib. Onun ən yaxşı dövrəsi Rasseldən 1,734 saniyə geri qalıb.

"Döngələrdə külli miqdarda vaxt itiririk və təbii ki, buna görə də digər kiçik problemlər ortaya çıxır.

Amma bizim üçün ən böyük problem döngələri dönməyin tamamilə qaydasında olmamasıdır".