İran millisinin aparıcı futbolçusu Mehdi Taremi müharibə və siyasi gərginliklər fonunda komandanın DÇ-2026-dakı hədəflərindən danışıb.

Offsideplus.az xəbər verir ki, Yeni Zelandiya ilə Los-Ancelesdə keçiriləcək G qrupunun açılış oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında çıxış edən Taremi həm ölkə daxilindəki, həm də xaricdəki bütün həmvətənlərinə hörmətlə yanaşdıqlarını bildirib:

"İran çoxəsrlik tarixi boyu həmişə birlik nümayiş etdirib. Biz də bu birliyi dünyaya göstərmək istəyirik. Dünya Kubokuna harada yaşamasından asılı olmayaraq bütün iranlılara sevinc bəxş etmək üçün gəlmişik".

Qeyd edək ki, ABŞ və İsrailin fevraldakı hərbi müdaxilələrindən və ölkədəki daxili iğtişaşlardan sonra bu qarşılaşma ərəfəsində Los-Ancelesdəki stadionun ətrafında və daxilində İran hökumətinə qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.