Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" "Şelburn"u Bakıdakı oyunda 1:0, ümumilikdə 4:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Coy O'Brayen oyundan sonra mətbuat konfransında iştirak edib. 

"Bilirdik ki, "Qarabağ"ın böyük təcrübəsi var. Bizim ölkəmiz də futbol ölkəsidir. Oyunlara hazırlamışdıq. "Qarabağ"ın potensialından xəbərimiz var idi. İlk oyunda belə oynamışdıq. O zaman da müdafiəçilərimizin sayı çox idi. Burada oynamaq çətindir. "Qarabağ"ın xeyli azarkeşi var idi. Fasiləyə 0:0 hesabı ilə yollansaydıq, ikinci hissədə dəyişiklik edəcəkdik. Dublindəki oyunda ikinci hissədə yaxşı şanslarımız yarandı. Lakin səhvlərimizdən əvvəlcə 2-ci, sonra isə 3-cü qolu buraxdıq. Bu gün də oyuna pis başlamamışdıq. Amma sonda nəticə istədiyimiz kimi olmadı".

39 yaşlı mütəxəssis Ağdam təmsilçisinə qarşı oyunun təcrübə olduğunu qeyd edib:

"Bu cür oyunlardan təbii ki, çox şey öyrənirik. Ən əsası odur ki, "Qarabağ" kimi klublara qarşı oynayanda ən cüzi səhvi edəndə rəqib sizi cəzalandırır".