Almaniya futbolunun əfsanəvi siması Toni Kroos Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutacaq "Bayern Münhen" – "Paris Sen-Jermen" qarşılaşması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi hər iki komandanın hazırkı formasını yüksək qiymətləndirərək maraqlı məqamlara toxunub:
"Hesab edirəm ki, "Bayern" müdafiədə "Real Madrid"lə oyunlardakından daha etibarlı çıxış etməlidir. Çünki "Paris" hücumda "Madrid"dən daha səmərəli və amansız ola bilər."
Münhenlilər hər iki oyunda çox böyük risklərlə müdafiə olundular. "Real Madrid" cavab qarşılaşmasında onları buna görə daha ağır cəzalandıra bilərdi. Əgər bəzi nüansları düzəltsələr, "Bayern"in şansları kifayət qədər yüksəkdir.
Mənim üçün bu cütün şansları 50/50-yədir. "Paris" son çempiondur. Lakin hazırkı formalarına nəzər salsaq, "Bayern" və PSJ hazırda dünyanın ən yaxşı iki komandasıdır."
Qeyd edək ki, "Bayern Münhen" dörddəbir finalda "Real Madrid" səddini keçərək yarımfinala vəsiqə qazanıb.


