UEFA "Çelsi"nin hücumçusu Pedro Netoya qarşı intizam proseduru başladıb.
Offsideplus.az xəbər verir ki, bu, Çərşənbə axşamı" Paris Sen-Jermen" ilə Çempionlar Liqasının 1/8 final ilk oyununda (5-2 hesabı ilə məğlubiyyət) baş vermiş hadisə ilə bağlıdır. Portuqaliyalı futbolçu əlavə vaxtda topu tez almaq istəyərkən topdaşıyan uşağı itələyib, bu da uşağın yıxılmasına və oyunçular arasında qarşıdurmaya səbəb olub.
UEFA rəsmi açıqlamasında bildirib ki, Pedro Netoya qarşı “idmansız davranış” (unsporting behaviour) maddəsi üzrə (Disciplinar Qaydaların 15-ci maddəsi) intizam işi açılıb. Qərar yaxın vaxtlarda qəbul ediləcək.
Mümkün cəza bir oyunluq diskvalifikasiya ola bilər ki, bu da Çelsinin cavab oyununda Netonun iştirakını şübhə altına qoyur.
Hadisədən sonra Pedro Neto dərhal üzr istəyib:
“Emosiyalar yüksək idi, oyunu uduzurduq və topu tez almaq istədim. Ona yüngül itələdim. Mən belə adam deyiləm, bu anlıq reaksiya idi. Ondan üzr istədim, köynəyimi verdim və təxminən 35 dəfə ‘bağışla’ dedim. O, başa düşdü və razı qaldı.”
"Çelsi"nin baş məşqçisi Liam Rosenior da klub adından üzr diləyib və hadisənin qəbuledilməz olduğunu qeyd edib.
"Paris Sen-Jermen"ə qarşı ağır məğlubiyyət fonunda baş verən bu insident Çelsi azarkeşləri arasında da geniş müzakirələrə səbəb olub. Bir çoxları top oğlanının topu gec verməsini vaxt öldürmə kimi qiymətləndirsə də, UEFA mövzunu ciddi şəkildə araşdırır.


