"Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis və basketbolçu Hassani Qravett “Alba Berlin”lə oyundan sonra qarşılaşmanı dəyərləndiriblər.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Rimas Kurtinaytis bildirib ki, bu mövsüm Çempionlar Liqasında ilk iştirak onlar üçün böyük təcrübə olub:

“Bu, Çempionlar Liqasında ilk mövsümümüz idi və təcrübə baxımından müəyyən problemlərimizin olması təbiidir. Ev oyunlarında yaxşı çıxış etdik, lakin təəssüf ki, həmin performansı səfər görüşlərində göstərə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. 7 oyunçu ilə ilk üç periodda yaxşı mübarizə aparırıq, amma son periodda rotasiya imkanlarının məhdudluğu səbəbindən istədiyimizi edə bilmirik. "Alba Berlin"də eyni anda 3–4 oyunçu əvəzlənir, bizdə isə bu imkan yoxdur. Buna baxmayaraq, bu turnir bizim üçün çox dəyərli təcrübə oldu”.

Komandanın oyunçusu Hassani Qravett isə qarşılaşmanın gedişinə toxunub:

“İlk hissədə böyük enerji və güc sərf etdik, sona qədər mübarizə apardıq. İkinci hissədə də bütün gücümüzlə oynamağa çalışsaq da, bu alınmadı. Top itkilərinə yol verdik və bu da qələbə qazanmağımıza mane oldu”.