Stefen Karri "Qolden Steyt Uorriors"un son illərdə iddialı komanda statusunu itirməsi barədə fikirlərini bölüşüb. 38 yaşlı ulduz oyunçu komandanın son çempionluğundan dörd il sonra yaranan yeni reallıq və mediada artan tənqidlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Karri komanda daxilində əsas müzakirə mövzusunun ötən mövsüm qarşıya qoyulan məqsədə çatmamaq olduğunu deyib. O bildirib ki, zədələr səbəbindən oyunçuların daim heyətdə olmaması nəticəyə təsir edib, lakin bu, indiki kollektiv üçün əlavə sınaqdır. "Gənc oyunçuları heyətə cəlb etməli, onlara inkişaf üçün şərait yaratmalı və uğur üçün nə lazımdırsa, onu aydın şəkildə başa düşməliyik. Xaricdən gələn söz-söhbətlər bizi daha çox əyləndirir, çünki biz özümüz də bilirik ki, daim ön planda və rəqabətədavamlı olmaq istəyirik. Amma zirvədə olmayanda ətrafda səs-küy artır. Sadəcə, bunu qəbul edirsən", – deyə Karri vurğulayıb.