"LA Klippers" rəhbərliyi NBA-nın tarixi sanksiyalarından sonra hələ də azarkeşlərinə rəsmi müraciət ünvanlamayıb.
Offsideplus.az xəbər verir ki, bu susqunluq komandanın sadiq azarkeşləri və mövsümlük abunə sahibləri arasında ciddi narazılıq və məyusluq yaradıb. Onlar təşkilatın tarixində ən ağır böhran dövründə özlərini tənha hiss etdiklərini bildiriblər. Klub yalnız NBA-ya qarşı sərt bəyanat yayaraq araşdırmanı "cadugər ovuna" bənzədib və qurumu qərəzli olmaqda ittiham edib. Lakin ötən bir həftə ərzində rəhbərlik azarkeşlərə heç bir açıqlama verməyib.
NBA-nın araşdırmasının nəticəsi olaraq "LA Klippers" beş birinci raund seçimini itirib, klubun sahibi Stiv Balmer isə bir il müddətinə idarəçilikdən uzaqlaşdırılıb. Azarkeşlərdən biri bildirib: "Mən tamamilə şokdayam. Düşünürəm ki, bu hadisədə ən çox zərər çəkənlər məhz azarkeşlərdir. 30 milyon dollar böyük məbləğdir, amma Stiv Balmer üçün bu, sanki 20 dollardır. Kavai isə ümumiyyətlə bu vəziyyətdən zərərsiz çıxdı. İndi isə biz növbəti beş il üçün dreft seçimlərimizdən məhrum qaldıq. İnsanlar zarafat edə bilər ki, son yeddi ildə də birinci raund seçimlərimiz olmayıb, amma komandada üç ulduz oyunçu var idi. İndi isə hər şeyi sıfırdan qurmalı və real aktivlər olmadan davam etməliyik. Aydındır ki, Balmerin kifayət qədər vəsaiti var və o, sərt maaş limitini aşmaq üçün yollar tapa bilər. Hesab edirəm ki, o, azarkeşlər qarşısında günahını yumaq üçün əlindən gələni etməlidir. Çünki mənim fikrimcə, baş verənlərdə ən böyük problem budur. Los-Ancelesdə 'Klippers' azarkeşi olmaq onsuz da çətindir, indi isə vəziyyət daha da ağırlaşıb."


