Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Bukovina"ya (Ukrayna) komandanın oyun modeli və baş məşqçinin yanaşmasını bəyəndiyi üçün keçib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı forvard bunu Ukrayna təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
R.Dadaşov agentindən Ukrayna variantı barədə məlumat aldığını diqqətə çatdırıb:
"Agentim mənə zəng edərək Ukraynadan təklif olduğunu və "Bukovına"nın mənimlə maraqlandığını bildirdi. Bundan sonra klub haqqında məlumat toplamağa başladım. Rəhbərliklə danışdıqdan sonra bu komandaya qoşulmaq ideyası xoşuma gəldi. Baş məşqçinin iş üslubu, oyun modeli və klubun məni heyətində görmək istəyi qərarıma təsir etdi. Onların münasibətini görəndə bura gəlməyə yüz faiz əmin oldum və müqavilə imzaladım. Güclü rəqiblərə qarşı oynayarkən qazandığım təcrübəni "Bukovina"ya gətirmək və meydanda bu komandanın şərəfini qorumaq istəyirəm".
Milli üzvü əsas məqsədinin komandaya kömək etmək olduğunu da bildirib:
"Hücumçuyam və işim qollar vurmaq, məhsuldar ötürmələr etməkdir. Azarkeşlərin dəstəyi bizim üçün düşündüklərindən də vacibdir. Onlar tribunadan enerjilərini verəndə, komanda daha çox qələbə qazanmağa qadirdir".
Qeyd edək ki, R.Dadaşov Ukrayna klubu ilə "1+1" illik müqavilə imzalayıb.


