"Sabah" Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Çelye" klubu ilə qarşılaşacaq.
Bu klub 1919-cu ildə təsis edilib. Onların 105 illik tarixi var.
Buna baxmayaraq "Çelye" ən parlaq dönəmlərini son illərdə yaşayıb. Sloveniya klubu 6 il öncə ilk dəfə ölkə çempionu olub. Onlar eyni uğuru 2023/24 mövsümündə də təkrarlayıb.
"Sarı-göylər"i ötən ilin yayından etibarən Albert Riera çalışdırır. Riera futbolçu karyerası ərzində bir çox tanınmış klubda çıxış edib: "Espanyol", "Liverpul", "Olimpiakos", "Qalatasaray" bu klublardan bəziləridir.
"Çelye" avrokuboklardakı ən uğurlu mövsümünü də ispaniyalı mütəxəssisin rəhbərliyi altında yaşayıb. Onlar 2024/25 mövsümündə Konfrans Liqasında 1/4 finala qədər yüksəlib. Burda onların qarşısını İtaliyanın "Fiorentina" klubu alıb.
"Çelye" rəqibinin gücünə baxmayaraq hər iki oyunda sona qədər mübarizə aparıb - (1:2, 2:2)
"Sarı-göylər" Sloveniya çempionatında başa çatan mövsümü 4-cü yerdə başa vurub. Sloveniya kubokunda isə təmsilçimiz "Sabah" kimi zəfər qazanmağı bacarıblar. Onlar finalda "Koper"in qapısına 4 cavabsız top vurublar.
Qeyd edək ki, "Sabah" və "Çelye" arasındakı ilk matç iyulun 10-da Bakıda baş tutacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Sloveniyada keçiriləcək.