Avropa futbolunun ali qurumu olan UEFA İtaliyaya qarşı sərt mövqe nümayiş etdirib.

Offsideplus.az xəbər verir ki, Avro-2032-yə Türkiyə ilə birlikdə ev sahibliyi etməyə hazırlaşan İtaliya, infrastruktur problemləri səbəbindən turnirdən kənarlaşdırılma riski ilə üz-üzədir.

​Hazırda İtaliyada UEFA-nın yüksək turnir standartlarına tam cavab verən yeganə arena Turin təmsilçisi "Yuventus"un ev sahibliyi etdiyi "Alyans Stadionu"dur. Digər şəhərlərdə isə vəziyyət ürəkaçan deyil:

  • ​Roma, Milan, Neapol və Florensiya: Bu şəhərlərdəki stadion layihələri bürokratik maneələr və inzibati yubanmalar içində boğulur.
  • ​Maliyyə çatışmazlığı: Yeni arenaların inşası və ya köhnələrinin bərpası üçün hələ də vahid və davamlı dövlt maliyyə modeli müəyyən edilməyib.
  • ​Standartlardan kənar infrastruktur: Mövcud stadionların əksəriyyəti VİP zonalar, media mərkəzləri və təhlükəsizlik tələbləri baxımından müasir UEFA meyarlarına cavab vermir.

​UEFA Prezidenti Aleksander Çeferin məsələ ilə bağlı rəsmi Roma və futbol ictimaiyyətinə açıq mesaj göndərib:

"Avro-2032 mütləq baş tutacaq. Lakin əgər infrastruktur hazır olmasa, bu turnir İtaliyada keçirilməyəcək."

​İtaliyada işlər ləngidiyi bir vaxtda, ortaq ev sahibi olan Türkiyə sürətlə irəliləyir. Müasir stadionları vaxtından əvvəl təhvil verən və idman infrastrukturunu yeniləyən Türkiyə turnirin dominant və ya yeganə ev sahibi olması üçün mövqelərini səssizcə möhkəmləndirir.

​Ekspertlər qeyd edir ki, əgər İtaliya hökuməti yaxın aylarda ciddi addımlar atmasa, UEFA turnirin bütün oyunlarını Türkiyəyə keçirmək variantını nəzərdən keçirə bilər.