İtaliyanın Montesilvano şəhərində keçirilən 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatı Azərbaycan yığması üçün tarixi uğurla başa çatıb.
Offsideplus.az xəbər verir ki, iyunun 26-da — Silahlı Qüvvələr Günündə şahmatçılarımız ölkəmizə iki qızıl medal qazandıraraq ikiqat bayram sevinci yaşadıblar.
Çempionatın sonuncu – 11-ci turunda qaliblərin adları müəyyənləşib.
14 yaşadək qızlar arasında yarışda turnir boyu liderliyini qoruyan Zəhra Allahverdi son turda çempionluğunu rəsmiləşdirib. Türkiyə təmsilçisi Tuana Abakla heç-heçə oynayan şahmatçımız xallarının sayını 9-a çatdıraraq dünya çempionatının qızıl medalına sahib çıxıb.
Azərbaycan şahmat məktəbinin növbəti qızıl medalını isə 16 yaşadək şahmatçıların kateqoriyasında çıxış edən Xaqan Əhməd komandamızın aktivinə yazdırıb. Daha öncə 14 yaşlılar arasında Avropa çempionu titulunu qazanan gənc istedad, İtaliyadakı yarışda da inamlı oyun nümayiş etdirib. Son turda FİDE təmsilçisi Qleb Şeqlovu məğlub edən Xaqan 11 turdan 9,5 xal toplayaraq karyerasında ilk dəfə dünya çempionu adını qazanıb.
Statistika: Ümumilikdə 83 ölkədən 750-dən çox şahmatçının gücünü sınadığı bu mötəbər turnirdə Azərbaycan təmsilçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaqlar.


