“Əlbəttə ki, olanlar məni çox üzdü”.

Bunu Offsideplus.az saytına açıqlamasında "Karvan-Yevlax" klubunun futbolçusu Vadim Abdullayev deyib.

Yarımmüdafiəçi AFFA İntizam Komitəsinin onu 1 oyunluq cəzalandırmasına münasibət bildirib: “Açığı, heç ağlımdan da keçməzdi ki, açıqlama ilə bağlı belə bir maddə var. Mən sadəcə səmimi davranıb, fikir bildirdim. Hər halda belə bir vəziyyət yarandığı üçün səhv məndədir. Ağır qərar oldu, amma əlimdən də bir şey gəlmir”.

Qeyd edək ki, Abdullayev "Kəpəz"ə uduzduqları Misli Premyer Liqasının XII turunun oyunundan sonra mediaya müsahibəsində sarı vərəqə almağa can atdığını deyib. Bu isə AFFA İntizam Komitəsi tərəfindən futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama kimi dəyərləndirilib.