“İdmançılarımız bu yarışda ölkəmizi layiqincə təmsil etdilər”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.
O, III MDB Oyunlarında milli komandanın nəticələrini dəyərləndirib:
“İki gün ərzində maraqlı və gərgin qarşılaşmalar izlədik. 28 idmançı ilə qatıldığımız yarışda 22 medal qazandıq. Onlardan 4-ü qızıl, 2-i gümüş, 16-ı bürünc oldu. İdmançılarımız maksiumum güclərini ortaya qoydular ki, medalların əyarı yüksək olsun. Ancaq bu idmandır, hamı qızıl qazana bilməz”.
Vitse-prezident federasiyanın növbəti hədəflərindən də danışıb:
“İlin sonuna az qalmasına baxmayaraq, bizim çox mötəbər yarışlarımız var. Təxminən, yeddi böyük yarışda iştirak edəcəyik. MDB Oyunlarında qazandığımız nəticələr də məni vitse-prezident kimi qane edir. Burada iştirak edən idmançılar qazandıqları medalın əyarından asılı olmayaraq ölkəmizi qarşıdan gələn Avropa və dünya çempionatında təmsil edəcəklər. Ümid edirəm ki, növbəti yarışlarımızda da uğurlu nəticələrə imza atacağıq”.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.



