"Neftçi SOCAR" klubunun üzvü Aleksi Mollenhauer 3x3 basketbol üzrə Qadınlar Seriyasının Sumqayıt mərhələsində Yaponiya ilə oyundan (14:15) sonra komandanın çıxışını dəyərləndirib.
O, Offsideplus.az saytına açıqlamasında rəqibin güclü komanda olduğunu bildirib:
“Yaponiya millisi yaxşı komandadır. Onlar yaxşı çıxış etdilər. Biz isə hücumda daha yaxşı oynamalı idik. Qələbə qazanmaq üçün daha üstün olmalıydıq. Oyunda külək də var idi, tam fokuslana bilmədik. Amma düşünmürəm ki, bu əsas səbəbdir. Qalib gəlməli idik. Sadəcə kiçik təsiri ola bilərdi”.
Millinin üzvü Orleans mərhələsindəki qələbəyə də münasibət bildirib:
“Orleans mərhələsində bu komanda ilk dəfə birlikdə çıxış etdi. Heyətdə yeni simalar var. Bu, bizim üçün bir macəradır. Birlikdə inkişaf edib daha da yaxşılaşmalıyıq”.
O, Bakıda keçiriləcək növbəti mərhələlər barədə də danışıb:
“Azərbaycanda oynamağı sevirik. Mən burada böyümüşəm, bura mənim evimdir. Ümid edirəm ki, qalib gələrik və çempion olarıq”.
Sumqayıtdakı azarkeş dəstəyi ilə bağlı fikirlərini bölüşən oyunçu bunları deyib:
“Sumqayıt möhtəşəmdir. Bizə böyük dəstək oldular. Təəssüf ki, qazana bilmədik. Dünən bizə onlayn şəkildə azarkeşlik edən bir qız gəldi, onunla görüşdük. Bizə dəstək olan insanların olduğunu bilmək çox gözəldir”.


