"Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki son potensial rəqibləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” “Dinamo” (Belarus) - “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Bəs paytaxt təmsilçimiz üçün hansı rəqib daha uyğun hesab edilə bilər?
“Dinamo”nun ən böyük uğuru 2014/15 mövsümündə Avropa Liqasının əsas mərhələsində oynamasıdır. Həmin mövsümdə “Fiorentina”nı məğlubiyyətə uğratmaları yaddaqalan olub.
“Neftçi”dən 10 yaş böyük olan komandanın çempionatı hazırda davam edir. 11 oyundan sonra 26 xal toplayan komanda vahid liderdir.
“Sileks”in isə avrokuboklarda böyük uğurları yoxdur. Klub mütəmadi olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası təsnifat mərhələlərində iştirak etsə də, indiyədək əsas mərhələyə yüksələ bilməyib.
Komanda ötən mövsümü 4-cü yerdə başa vurub. Şimali Makedoniyada çempionat gələn ay start götürəcək.
Beləliklə, həm "Dinamo", həm də "Sileks" demək olar ki, eyni səviyyəli rəqiblərdir. Lakin “Dinamo” daha rəqabətli çempionatda mübarizə aparır və hazırda formadadır. Üstəlik Avropa təcrübələri də var.
İstənilən halda “Neftçi” bu cütdən qalib ayrılacaq komandaya nəzərən favorit hesab olunacaq.


