Bu axşam futbol üzrə Dünya Çempionatı start götürür. Turnirin ən böyük favoritlərindən biri hər zamankı kimi Braziliyadır.
Ölkəmizdə çıxış edən braziliyalılar arasında ən diqqətçəkən simalardan biri də "Zirə"nin vitse-kapitanı Ruan Renatodur. Təcrübəli müdafiəçi ölkəsinin mundialdakı şansları və komandanın mövcud durumu ilə bağlı Offsideplus.az saytına açıqlama verib:
“Braziliya millisi tarixinə və adına görə hər mundiala favorit kimi qatılır. Hazırda Rafinya və Vinisius Junior kimi ulduzlar özlərinin ən yaxşı formalarında deyillər. Üstəlik, Rodriqo, Estevao və Militao kimi oyunda fərq yarada biləcək mühüm futbolçuları da zədə səbəbindən itirmişik”.
Buna baxmayaraq, "sambaçı" yığmanın böyük potensiala malik olduğunu və çempionluğa inandığını vurğulayıb:
“Heyətimizdə hər an nəticəyə təsir edə biləcək futbolçularımız var. Çempion olacağımıza inanırammı? Bəli, inanıram. Çox güclü və təcrübəli baş məşqçimiz var. Mən hər zaman Braziliya millisinin azarkeşi olaraq qalacam və sona qədər bu zəfərə inanacam”.


