"Tayland üzərində qazanılan qələbə komandamız adına müsbət göstərici oldu". 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov deyib.

ABF rəsmisi Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin FIBA Çempionlar Kubokunda ilk qələbəsi haqqında danışıb: “ Millimizin belə mötəbər turnirdə ilk qələbəsini qazanması sevindirici haldır. Turnirə məğlubiyyətlə başlamağımıza baxmayaraq, rəqibin çox güclü və böyük basketbol ənənələri olan Kanada millisi olduğunu da nəzərə almaq lazımdır. Komandamız həmin oyunda da sona qədər mübarizə apardı və bu, qızlarımızın xarakterini göstərən məqam idi. Belə ki, ev sahibi komandaya qarşı oynamaq hər zaman çətin olur, lakin basketbolçularımız bu oyuna daha da ciddi yanaşaraq vacib qələbə əldə etdilər”.

Mahmudov bu qələbənin komandaya stimul olacağını vurğulayıb: "Qarşıda bizi qrup mərhələsində daha bir ciddi sınaq, İspaniya ilə oyun gözləyir. Bu rəqib də yüksək səviyyəli komandadır. Bizim üçün əsas məsələ hər oyuna maksimum konsentrasiya ilə yanaşmaq, meydanda intizamlı basketbol nümayiş etdirməkdir. Ümid edirəm ki, sabah millimiz ispanlara qarşı ən yaxşı oyununu göstərəcək və bizi sevindirəcək”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda ilk qələbəsini Tailand yığması ilə matçda qazanıb. İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.