“Qarşılaşmalara ciddi hazırlaşırıq".
Offsideplus.az xəbər verir ki, bunu”Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. Onlar bu gün yaxşı performans göstərdilər. Üstəlik, bu oyunu Avropada səs salan komandaya qarşı oynadılar. İnanıram ki, stadiona gələn azarkeşlər bu matçdan zövq aldılar".
Baş məşqçi bir sıra məqamlardan narazı qaldığını da vurğulayıb:
"Rəqib ilk hissədə bizə müəyyən boşluqlar verirdi. Bu məqamlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, təəssüf ki, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynadığını xatırlamıram. Oyunun ilk 10-12 dəqiqəsindən narazı qaldım. Üzərində işləməli olduğumuz bir sıra məqamlar var".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.



