Misli Premyer Liqasının XIV turunda keçirilən "Sumqayıt" – "İmişli" (1:0) oyunundan sonra ev sahibi komandanın məşqçisi Şahin Abdullayev mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis oyunu belə dəyərləndirib:
"Gözlənildiyi kimi ağır oyun alındı. Rəqib güclü idi. Çox qol epizodu yaratmasaq da, sonlara yaxın qolu vurduq və qələbə qazana bildik. Bəlkə də bir az bəxtimiz gətirdi, penalti epizodunu yerinə yetirə bilmədilər."
Penalti epizodu ilə bağlı sualı cavablandırarkən Abdullayev bildirib:
"Bizim fikrimizcə, 50-yə 50 epizod idi. Penaltiyə daha yaxın hesab etmək olardı. Amma referinin uzun müddət qərar verməsi bizi də tərəddüdə saldı. Bu epizod haqqında çox danışmağa dəyməz."
“İmişli” ilə ilk oyunda alınan məğlubiyyətin motivasiya olub-olmaması barədə baş məşqçi xüsusi hazırlığın olmadığını qeyd edib:
"Sırf əvvəlki məğlubiyyətə görə xüsusi hazırlıq etməmişdik. Ümumiyyətlə, komandamızın belə bir planı yoxdur. Qarşıdakı oyuna hansı rəqiblə oynayırıqsa, ona uyğun hazırlaşırıq. Bu dəfə əks-hücumlara yaxşı çıxan bir komanda ilə oynadıq. Məşqlərdə buna hazırlaşmışdıq və düşünürəm ki, bəhrəsini gördük."



