Misli Premyer Liqasının XII turunda keçirilən “Neftçi” – “İmişli” qarşılaşmasından (2:3) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının qələbəsini belə şərh edib:
“Oyunçularımı təbrik edirəm, çox gözəl və dəyərli qələbə qazandıq. Bu, bizim fantastik oyunumuzun göstəricisidir. ‘Neftçi’ böyük rəqibdir, buna baxmayaraq, yaxşı hazırlaşmışdıq və öz oyun üslubumuzu ortaya qoya bildik. Onların taktikasını analiz etmişdik, koridorlarda boşluqların olacağını bilirdik və bundan düzgün istifadə etdik. Erkən penaltiyə baxmayaraq, oyunu bərabərləşdirib xarakter göstərdik. Səfərdə ‘Neftçi’ kimi rəqibi məğlub etmək böyük iradə tələb edir.”
O, rəqib komandaya da hörmətlə yanaşaraq bildirib:
“Neftçi də yaxşı oyun sərgilədi, onları da təbrik edirəm. Amma biz bugün daha üstün idik.”
Mətbuat konfransında Kaşkilya komandasının matça yanaşması barədə belə danışıb:
“Hər oyundan əvvəl futbolçuları qələbəyə kökləyirik. Əgər rəqib bizdən güclü oynayırsa, məqsəd uduzmamaqdır. ‘İmişli’ üçün hər xal qazancdır, amma üç xal fantastik nəticədir.”
“Neftçi nəyi bacarmadı?” sualına cavab olaraq, baş məşqçi yalnız öz komandası haqqında danışmağı üstün tutub:
“Mövsümün əvvəlində tam yeni komanda qurulmuşdu. O zaman ‘İmişli’ fərqli idi. Artıq dörd ay keçib, futbolçular oyun üslubunu tapıb. Bu, ‘Neftçi’ə üç qol vuran ilk matçımız deyil. Hədəflərimiz daha yüksəkdir, hücumameyilli futbol oynamaq istəyirik.”
Legioner hücumçuların son dəqiqələrdə əvəzlənməsi ilə bağlı suala Kaşkilya belə aydınlıq gətirib:
“Burada məqsəd hesabı qorumaq deyildi. Almeyda və Juninyo oyunda çox qaçmışdılar. Fiziki və mental təzələnmə lazım idi. ‘Neftçi’nin son dəqiqələrdə çox şansı olurdu. Ona görə dəyişiklik etdik.”
Baş məşqçi qış transfer pəncərəsində ciddi dəyişiklik gözlənilmədiyini qeyd edib:
“Qışda futbolçu almaq çətindir, xüsusən də bizim kimi komanda üçün. Biz nə ‘Qarabağ’, nə də ‘Neftçi’ səviyyəsində büdcəyə malikik. Dördlük, avrokuboklar hədəfi də yoxdur. Əsas məqsəd – stabil komanda formalaşdırmaqdır. Qış transferi barədə düşünmürük.”
“İmişli”nin ölkə kubokundakı hədəfləri barədə danışan Kaşkilya deyib:
“Hər oyuna qələbə üçün çıxırıq. Favorit ‘Sabah’dır. Onlar görür ki, biz ‘Neftçi’ni məğlub edə bilirik, ona görə matça daha ciddi hazırlaşacaqlar. Bizim məqsədimiz isə oyundan-oyuna irəliləməkdir.”



