Dünyanın ən nüfuzlu futbolçularından biri olan Kriştianu Ronaldu UFC ulduzu Ilia Topurianın da investorları arasında yer aldığı "WOW FC" MMA təşkilatına şərik olaraq döyüş idmanlarına rəsmi şəkildə giriş edib.

Offsideplus.az xəbər verir ki, Ronaldu yeni addımını belə izah edib:

“MMA mənim inandığım dəyərləri təmsil edir – intizam, hörmət, dözümlülük və mükəmməlliyə can atmaq. WOW FC unikal və güclü bir şey inşa edir. Bu layihəyə qoşulmaqdan qürur duyuram.”

UFC-də iki çəki dərəcəsinin çempionu olan Topuria isə Ronaldunu yüksək dəyərləndirib:

“Kriştianu Ronaldunun "WOW FC" yə qoşulması bu idman üçün güclü bir andır. Biz MMA-ni yeni səviyyələrə qaldıracağıq.”

Şirkət məlumatlarına görə "WOW FC" son illər sürətlə böyüyüb:

Tamaşaçı sayı 400% artaraq hər tədbirdə 5000-dən çox azarkeşə çatıb.

2019-da Madridin kiçik bir hotelində başlayan təşkilat artıq "Vistalegre", "Madrid Arena" , "Sevilla Palacio de Deportes" və "Bilbao Arena" kimi iri arenaları doldurur.

Təşkilatın yayımları "UFC Fight Pass" və "Movistar+" vasitəsilə 170-dən çox ölkəyə çatır.

"WOW" özünün rəsmi çempion kəmərlərini də təqdim edib.

Qlobal planlar: Avropa, Latın Amerikası və Yaxın Şərq

Ronaldunun investor kimi qatılması "WOW FC"nin hədəflərinin böyüdüyünü göstərir.

Təşkilat indi İspaniya xaricinə çıxmaq, vropa, Latın Amerikası və döyüş idmanlarının ən sürətlə inkişaf etdiyi Yaxın Şərqdə genişlənmək istəyir.

" WOW FC"nin icraçı sədri Arturo Gilyen bunu belə şərh edib:

“Kriştianu Ronaldu bizim üçün tarixi bir addımdır. Onun iştirakı gələcəyimizi daha da yüksəldəcək. Birlikdə MMA-nın qlobal mədəniyyətdə rolunu yenidən müəyyən edəcəyik." 

"WOW FC" nin növbəti iki böyük tədbiri:

24 noyabr — Vitoria, Buesa Arena

13 dekabr — Madrid Arena

Bu mərhələlərdə Topuria təşkilatın siması kimi çıxış edəcək.