"Eqnatiya" klubu ilə Albaniya çempionu olan Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev çempionluğu şərh edib.
Offsideplus.az xəbər verir ki, müdafiəçi sosial şəbəkə səhifəsində paylaşım edərək, təşəkkürlərini çatdırıb:
"Mövsüm boyunca komanda olaraq bu an üçün çox çalışdıq. Allaha sonsuz şükürlər olsun ki, məqsədimizə çatdıq, titulumuzu qoruya bildik və Albaniyanın ən güclü komandası olduğumuzu bir daha göstərdik.
Bütün azarkeşlərimizə, komandaya, məşqçilər korpusuna, klub rəhbərliyinə və klubda çalışan hər kəsə təşəkkür edirəm. Bravo uşaqlar, bravo komanda!
Və sonda, mənə inanan və hər zaman dəstək olan ailəmə dərin təşəkkürümü bildirirəm. Legioner həyatı yaşadığım ilk mövsümümü 2 kubokla (3 də ola bilərdi — kubokun finalında uduzmağımız çox pis idi), çempionluq və Superkubokla başa vurmaq mənim üçün çox gözəl bir hiss idi.
Ölkəmin bayrağını başqa bir ölkədə dalğalandırmaq mənə möhtəşəm duyğular yaşatdı. Və təbii ki, bu yerdə olmağımda əsas pay sahibi sənsən - Emrah Akçaay (red. - futbolçunun agenti). Heç kim mənə inanmayanda, sən mənə inanıb ölkə xaricinə çıxmağıma kömək etdin. Sən olmasaydın, bunların heç biri baş verməzdi. İnşallah, birlikdə daha böyük uğurlar qazanarıq!"



