“Düşünürəm ki, maraqlı oyun alındı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan U-21 milli komandasının üzvü Ağadadaş Salyanski deyib.
O, yığmanın Cəbəllütariq millisi üzərində qələbə qazandığı matçla bağlı fikirlərini bölüşüb:
“Qələbə qazandıq və buna layiq idik. Çox istəyirdik ki, qalib gələk. Bilirsiniz, Azərbaycan U-21 tarixində ən çox 9 xal toplanıb. Bu gün bizim üçün belə bir fürsət yaranmışdı ki, həmin tarixi yeniləyə bilərdik. Şükür olsun ki, son oyunda bunu bacardıq və 10 xal topladıq. Bu da bizim üçün bir tarixdir.
İndi vaxt keçdikcə insan nostalji vaxtlarını yada salanda belə şeyləri xatırlayır. Çox sevinirəm. İnşallah, gələcək toplanışlarda uşaqlar, düşünürəm ki, 10 yox, 15-20 xal qazanmağı bacaracaqlar.
Bu toplanışda əldə etdiyimiz əsas üstünlüklərdən biri o oldu ki, ehtiyatda olan oyunçularımızın da əksəriyyəti öz klublarında əsas komandada, ilk 11-likdə oynayır. Bu da bizim üçün müəyyən mənada kömək olur. Biri var, oynamırsan, az oynayıb toplanışa gəlirsən və oyun praktikasından əziyyət çəkirsən. Biri də var ki, oynayırsan, toplanışa gəlirsən və bunu meydanda daha rahat göstərə bilirsən. Mən düşünürəm ki, əsas üstünlüyümüz bu idi. Dediyim kimi, bu gün də yaxşı oyun göstərdik və qələbə qazana bildik”.
Salyanski qol vurduğu üçün sevincli olduğunu vurğulayıb:
“Bundan əvvəl də klubda mövsümə başlayandan qol vurmuşam. Düşünürəm ki, mövsümə yaxşı başlamışam. Amma bu, bununla kifayətlənmək lazımdır demək deyil. Qarşıda oyunlarımız var və orada da maksimumumu göstərmək istəyirəm. Əsas millidən dəvət gələrsə, inşallah, gələcəkdə qoşularıq”.
Qeyd edək ki, B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.


