"Barselona"da transfer çalışmaları sürətlə davam edir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deko müdafiə xəttini gücləndirmək üçün "Atletiko Madrid"in istedadlı futbolçusu Mark Pubilli klubun potensial hədəfləri siyahısına əlavə edib.
Boyu 1.91 metr olan və həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi oynaya bilən universal oyunçu baş məşqçi Hansi Flikin arxa xətdə taktiki alternativlərini artırmaq üçün ideal namizəd kimi qiymətləndirilir.
Madrid klubu 23 yaşlı futbolçunu Dieqo Simeonenin uzunmüddətli layihəsinin əsas hissəsi hesab edir. "Klub" onu toxunulmaz oyunçulardan biri olaraq görür və təmsilçinin gedişi üçün olduqca yüksək məbləğ tələb olunacağını bildirir.
Pubillin mövcud bazar dəyəri və klubun ona biçdiyi yüksək sərbəstqalma maddəsi transferi "Barselona" üçün olduqca çətin və maliyyə baxımından ağır prosesə çevrir.
Gənc müdafiəçinin həm fiziki üstünlüyü, həm də müxtəlif mövqelərdə oynamaq bacarığı Avropanın bir çox nəhəng klubunun da diqqətini çəkməkdə davam edir.
Hələlik klublar arasında rəsmi danışıqlar başlamasa da, "Barselona"nın vəziyyəti yaxından izlədiyi və gələcək pəncərələr üçün zəmin hazırladığı qeyd olunur.


