“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, AFFA-nın Texniki Departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev qarşılaşma ilə bağlı fikirlərini saytımızla bölüşüb.

O, “Sabah”ın oyuna yaxşı başladığını, lakin ikinci hissədə planların istənilən nəticəni vermədiyini bildirib. Musayev məğlubiyyətin səbəbləri arasında əsas futbolçulardan birinin zədələnməsini, penalti və qırmızı vərəqəni də qeyd edib:

“Dünənki oyunda təəssüf ki, komandamız məğlub oldu. Amma elə ilk dəqiqələrdən oyuna yaxşı başlamışdı. Mənim müşahidəmə görə, məşqçinin planı ilk hissədə bir qədər ehtiyatlı oynamaq, ikinci hissədə isə daha hücumameyilli futbol sərgiləmək idi. Təəssüf ki, bu planı tam həyata keçirmək mümkün olmadı.

Məncə, əsas məqamlardan biri vacib futbolçunun zədələnməsi idi. “Sabah”da fərq yarada bilən 3-4 oyunçu var və həmin futbolçulardan birinin sıradan çıxması komandanın oyununa təsir göstərdi. Digər tərəfdən, bəxtsizlik də oldu. Qapımıza asan penalti təyin edildi, matçın sonlarında isə qırmızı vərəqə göstərildi.

Buna baxmayaraq, “Sabah” layiqli mübarizə apardı. Rəqib öz meydanında təhlükəli komandadır. “Vikinq” “Bavariya” kimi klublarla da səviyyəli oyun nümayiş etdirib. Taktiki və fiziki baxımdan çox güclü komandadır. Ancaq bütün bunlara baxmayaraq, təmsilçimiz mübarizə apardı. Sadəcə, hesab fərqi ağır oldu.

Bu məğlubiyyətə görə ruhdan düşmək olmaz. Gələcək oyunlarda komandamıza inanıram. “Sabah”ın yaxşı oyun nümayiş etdirəcəyini və qarşıdakı matçlarda xal və ya xallar qazanacağını düşünürəm”.