İspaniya Hakimlərinin Texniki Komitəsi "Atletiko" ilə "Real Madrid" arasındakı qarşılaşmada baş verən mübahisəli epizodlarla bağlı hakim və VAR otağı arasındakı audioyazıları yayımlayıb.

Offsideplus.az xəbər verir ki, La Liqanın 7-ci turunun matçında "Atletiko" doğma meydanda "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib. Görüşün baş hakimi Migel Anxel Ortis Aryas, VAR hakimi isə Daniel Truxilyo Suares olub.

Matçın 37-ci dəqiqəsində Cud Bellingem rəqibə qarşı kobud oynadığı üçün əvvəlcə sarı vərəqə ilə cəzalandırılıb. Lakin epizodun təkrarına baxıldıqdan sonra qərar dəyişdirilib. Məlum olub ki, "Atletiko"nun müdafiəçisi Kristian Romero rəqibin ayağına butsi ilə müdaxilə edib. VAR hakimi Truxilyo Suares epizodu belə qiymətləndirib: "Migel, epizodu yoxlamağı tövsiyə edirəm, oyunçular səhv müəyyən olunub. "Atletiko"nun futbolçusu rəqibin ayağına basır, topa toxunan da odur". Baş hakim təkrarı izlədikdən sonra qərarını dəyişib: "Yaxşı, "Real Madrid"in oyunçusuna göstərdiyim sarı vərəqəni ləğv edirəm və onu "Atletiko"nun futbolçusuna göstərirəm".

49-cu dəqiqədə isə "Real Madrid"in müdafiəçisi Din Heysen öz cərimə meydançasında Culiano Simeoneyə qarşı qaydanı pozub. Baş hakim əvvəlcə penalti təyin edərək Heysenə sarı vərəqə göstərib. Lakin VAR-ın müdaxiləsindən sonra qərar dəyişib və futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Truxilyo Suares bildirib: "Görürəm ki, "Real Madrid"in oyunçusu topu almaq imkanı olmayan rəqibi saxlayır, aşkar qol imkanı var". Ortis Aryas isə cavabında deyib:

"Düşünürdüm ki, qapıçı topa çata bilər, amma o, topdan uzaqdadır. Sarı vərəqəni qırmızı ilə əvəz edirəm və penalti təyin edirəm".