Patrik Beverli "Los Anceles Leykers"dəki keçmiş baş məşqçisi Darvin Həmlə bağlı maraqlı hadisəni bölüşüb. Onun sözlərinə görə, Las-Veqasda Yay Liqası zamanı təsadüfən Həmlə qarşılaşıb və baş məşqçi ona, eləcə də komanda yoldaşı Rassell Vestbruka ünvanlanan gecikmiş üzrxahlığını çatdırmaq istəyib.
Offsideplus.az xəbər verir ki, Beverli bu barədə belə danışıb: "Mən Wynn otelində idim, yanımda sevgilim vardı. Oyun oynayırdım və birdən Darvin Həmi gördüm. O yaxınlaşıb dedi: 'Bir dəqiqə danışa bilərik?' Daxilimdə 'yox' demək istəsəm də, 'Nə var, məşqçi?' dedim. O isə bildirdi: 'Sən haqlı idin'. Soruşdum: 'Nədə?' Cavab verdi: 'Sadəcə demək istəyirəm ki, sən və Rass haqlı idiniz. Siz ikiniz mənim komandamın liderləri idiniz. Sən haqlı idin. Rassın nömrəsi səndə var? Ona da üzr istəmək istəyirəm'. Mən isə dedim: 'Artıq gecdir'. O soruşdu: 'Necə yəni?' Rassı Los-Ancelesdən uzaqlaşdırdılar. Ona müxtəlif adlar qoyurdular – 'Vestbrik' və sair. Rass həmişə peşəkar davranırdı, bütün komanda tədbirlərinə birinci gəlirdi. O komandanın əsl liderləri başqaları idi, amma Həm bunu anlamırdı. Hər kəs bilir ki, LeBron Ceyms və Entoni Deyvis komandanın liderləridir. Necə ki, Pol Corc və Kavai Lenard öz komandalarının liderləridir. Amma başqa tip liderlər də var – komandanın ürəyi və ruhu olanlar. Komandanı irəli aparan əsas qüvvə məhz onlardır. Əgər bu qüvvə yoxdursa, maşının hansı markada olmasının fərqi yoxdur – heç yerə getməyəcək".


