NTD yeni mövsümdə əsas diqqəti gənc azərbaycanlı basketbolçuların inkişafına ayıracaq.

Offsideplus.az xəbər verir ki, komandanın heyəti əsasən Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırılacaq. Heyətdə gənclərə dəstək üçün bir neçə legioner də yer alacaq, məşqçilər korpusu isə təcrübəli mütəxəssis Anar Sarıyevlə gücləndirilib.

Klubun baş məşqçisi Tahir Baxşıyev yeni qərarı belə şərh edib:

"U-20 millimiz son Avropa çempionatının B Divizionunda 11-ci yeri tutdu. Bu gənclərin böyük potensialı var və federasiya ilə məsləhətləşib onlara klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Mövsüm bizim üçün asan keçməyəcək, amma bu təcrübə onların peşəkar karyerasında mühüm rol oynayacaq".