Kişi tennisinin bir nömrəli tennisçisi Yannik Sinner çərşənbə axşamı karyerasında növbəti "Böyük Dəbilqə" titulunu qazanmaq üçün "Rolan Qarros"da mübarizəyə başlayır.
Offsideplus.az xəbər verir ki, əsas rəqibi, hazırda zədəli olan Karlos Alkarasın yoxluğunda italyan tennisçi turnirin əsas favoriti hesab olunur.
Sinner ilk mərhələdə fransalı Klement Taburla qarşılaşacaq. Bu ayın əvvəlində İtaliya Açıq çempionatında ardıcıl 6-cı "Masters" titulunu qazanan 24 yaşlı idmançı hazırda 29 matçlıq qalibiyyət seriyası ilə irəliləyir.
O, ötən ildən bəri ilk dəfə "Rolan Qarros" kortlarına çıxacaq. Sinner ötənilki finalda Alkarasa qarşı 2 set öndə olmasına və 3 çempionluq xalını əldən verməsinə baxmayaraq, məğlub olmuşdu.
Gözləntilər barədə danışan Sinner, "Hər kəs məni məğlub etməyə çalışır və bu, çox normaldır. Buna hazır olmaq lazımdır" deyib.
Qeyd edək ki, qadınların yarışında isə Koko Qauff titulunu qorumaq üçün bu gün mübarizəyə start verir.


