İsveçrədə qadın futbolçulardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatında sonuncu yarımfinalçı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Almaniya milli komandası gərgin mübarizədə Fransanı üstələyərək növbəti mərhələdə iştirak hüququna yiyələnib.

Hərçənd oyun fransızlar üçün uğurlu başlanıb. 13-cü dəqiqədə almanların 1 oyunçusu meydançadan qovulub və onların qapısına təyin olunan penalti qola çevrilib.

Ancaq 10 nəfərlə qalan "alman maşını" öz işini görüb. Artıq 25-ci dəqiqədə hesab bərabərləşib - 1:1.

Oyunun gedişində Fransa komandası 2 dəfə rəqib qapısına yol tapsa da, VAR ofsayd ucbatından hər iki qolu ləğv edib. 

69-cu dəqiqədə isə Almaniya yığmasının yarımmüdafiəçisi Syoeke Nusken 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Buna baxmayaraq, "Çelsi"nin futbolçusu oyunsonrası penaltilər seriyasında günahını yuyub. Məhz onun dəqiq zərbəsindən sonra almanlar yarımfinala vəsiqəni rəsmiləşdiriblər. 

Bu mərhələdə rəqib İspaniya kollektivi olacaq.

Digər yarımfinalda İngiltərə - İtaliya qarşıdurması baş tutacaq.